Nə üçün kəşbək təsdiqi bu qədər zaman alır?

  • Yazar

    Bonazon

  • Kategori

    Yazılar

  • Tarih

    25-06-2020 06:06

Bonazon.com üzvlərinin bizə ünvanladıqları ən məşhur sual; - "Hesabımdakı kəşbəki nə vaxt nağdlaşdıra biləcəyəm?"-dir desək yanılmarıq. Məhz buna görə də qərar gəldik ki, sizlərlə mətbəxin içində nə baş verdiyini yazaq, izah edib, paylaşaq. Odur ki, yaxın oturun və diqqətli olun ki, heç bir məqamı qaçırtmayasınız.

İlk olaraq onu qeyd etməliyik ki, əməkdaşlıq etdiyimiz mağazaların coğrafi arealı genişdir və burada Türkiyə, Çin, Rusiya və ABŞ-dan mağazalar yer alır. Burdan çıxaraq bildirməliyik ki, kəşbək hesablanma qaydaları həm mağazanın coğrafi yerləşməsinə görə, həm də öz daxili qaydalarına görə bir-birindən fərqlənirlər. Məsələn, Türkiyə mağazalarından sifariş etdikdə kəşbək məbləği müştəri tərəfindən ödədiyi məbləğ üzərindən deyil, Türkiyə daxili ƏDV (18%-ə qədər əlavə dəyər vergisi) çıxıldıqdan sonra, geriyə qalan məbləğ üzərindən hesablanır. Digər ölkələrdə belə bir qayda yoxdur.

Digər, diqqət edilməli olan məqam odur ki, kəşbək sistemi tam olaraq avtomatlaşıdırlıb və mağazanın kəşbəki qeydə aldığı andan, kəşbəkin təsdiqlənməsinə qədər olan bütün əməliyyatlar, avtomatik rejimdə həyata keçirilir. Bonazon.com heyəti bu növ əməliyyatları avtomatlaşdırma olmadan edə bilmir. Müxtəlif ölkələrdən, 300-dən çox mağaza və minlərlə tranzaksiyanı bir-bir izləyib təsdiq və ya təkzib etmək fiziki olaraq sadəcə mümkün deyil. Bonazon.com komandası yalnız hesablanmayan kəşbək tranzaksiyalarını müraciət formu əsasında, sistemə əlavə edə bilər və mağazaya göndərərək, təsdiqini gözləyir.


Bonazon.com sistemində Kəşbək-in hesablnaması ilə bağlı 4 status mövcuddur:

  • Gözləmədə - statusu kəşbək üzrə tranzaksiyanın qeydə alındığını göstərir. Aşağıda gözləmə müddəti haqqında ətraflı məlumat verilib.
  • Yoxlamada - mağaza ilə üzləşmə başlandıqda, həmin tranzaksiya üzrə status yoxlama statusuna keçir. Ancaq, bütün mağazalarda (xüsusilə Türkiyə mağazaları) yoxlama statusu tətbiq olunmaya bilir.
  • Təsdiqlənib - statusu mağazanın bu kəşbək tranzaksiyasını təsdiq etdiyi anlamına gəlir və bu status ilə işarələnmiş məbləğ, aktiv məbləğ bölümünə keçir. Bundan sonra Bonazon.com üzvü, həmin məbləği Portmanat hesabına köçürə bilər.
  • Ləğv olunub - statusu isə mağaza tərəfindən bu tranzaksiyanın ləğv olunduğu anlamına gəlir. Ləğv olunmaya səbəb, mağazadan asılıdır. Əksər hallarda bu status qaytarılan məhsullara görə olur. Bəzi hallarda isə istifadəçi bir neçə reklamverənin sistemindən istifadə edərək, mağazadan alış edir və bu əməliyyat üzrə tranzaksiya eyni anda Bonazon.com kimi partnyoru olan digər sistemdə də yazıla bilər. Nətiəcədə, üzləşmə zamanı mağaza hansı sistemə ödəniş edəcəyini qərar verdiyi anda, digər sistemin adına yazılmış tranzaksiya ləğv olunur. Bu hissəni daha aydın başa düşmək üçün - Kəşbək oğruları - adlı məqaləmizi oxumağı tövsiyyə edirik.


Çox uzatmadan keçək məsələyə - Nə üçün kəşbək təsdiqi bu qədər zaman alır?

Siz Bonazon.com-dan keçid edib, mağazada məhsul sifariş edirsiniz, kəşbək də hesabınızda yer alır, amma 2 ay keçməsinə baxmayaraq, hələ də "Gözləmə" statusu görünür və təbii olaraq nə üçün belə olduğunu soruşursunuz. Bu sualın cavabı isə daha çox mağazanın kəşbəklər ilə bağlı təyin etdiyi qaydalarla əlaqəlidir.

Daha ətraflı olaraq coğrafi bölgüyə görə izah edəcəyik:

- Türkiyə - ümumilikdə bu ölkənin mağazlarından cashback ilə sifariş etdikdən sonra, komissiyanın hesablanması mağazadan asılı olaraq 60-180 gün arasında baş verir. Burada diqqət edilməli məqam ondan ibarətdir ki, mağaza məhsul alıcıya çatdığı gündən 60 gün sonra, Bonazon.com ilə üzləşməni edir. Ancaq, mağazalar üzləşməni ayda bir dəfə edir və buna görə də hər sifarişi alışdan 60 gün sonra üzləşmə etmək mümkün deyil. Buna görə də bir aylıq alışlar bir yerə toplanaraq, hesablanır. Bu isə o deməkdir ki, Aprel ayının 1-də sifaiş etmiş şəxslə, Aprel ayının 30-u sifariş etmiş şəxsin sifarişləri ay tamamlandıqdan 60 gün sonra hesablanmağa başlayır. Nəticədə, ayın əvvəli kəşbək əldə etmiş şəxs, daha çox gözləməli olur.

Əlavə olaraq, üzləşmə tamamlandıqdan sonra, 20 gün ərzində mağaza Bonazon.com-a ödənişi etməlidir və yalnız ödəniş edildikdən sonra, sistem avtomatik rejimdə üzvün kəşbək statusunu dəyişir. Məhz buna görə də, Türkiyə mağazalarından qazanılmış kəşbək məbləğinin təsdiq olunma müddəti gözlədiyimizdən daha uzun vaxt apara bilir.

- Çin - mağazalarından isə ən məşhuru olan Aliexpress-də kəşbəkin təsdiq olunma müddəti məhsul müştəriyə çatdırılıb, müştəri tərəfindən təsdiqləndikdən sonra, 20-30 gün ərzində təsdiqlənir və ödənilir. Lakin, COVİD-19 koronavirusunun yaratdığı logistika problemlərindən dolayı, bu sifarişlərin təsdiqində də gecikmələr mövcuddur.  

- ABŞ - mağazalarından kəşbəkin hesablanması üçün sifariş edildikdən 2-3 gün sonra sistemdə öz əksini tapır, ödəniş qaydaları da aşağı-yuxarı digər ölkələrdəki kimidir.

Diqqət ediləsi, digər məqam da Bonazon.com-dan keçid edilərək, sifariş olunsa belə hesablanmayan kəşbəklərdir. Müşahidələrimiz onu göstərib ki, hesablanmayan kəşbəklərin əsas səbəbi, üzvlərimizin düzgün ardıcıllıqla sifarişi etməməsi olsa da, bəzi hallarda texniki səbəblərdən də qaynaqlana bilir.

Yuxarıda qeyd olunmuşları bir yerdə toplasaq, qısa olaraq nəzərdə saxlanılmalı əsas məqamlar bunlardır:

  • Kəşbəkin hesablanma qaydaları ölkəyə və mağazaya görə dəyişir.
  • Tranzaksiyalar ilə bağlı 4 status var və bu statuslar avtomatik olaraq mağazalar tərəfindən yenilənir.
  • Kəşbəkin qeydə alınaraq, ödənilməsi müddətinə qədər olan müddət bir neçə həftədən tutmuş, bir neçə aya qədər uzana bilər.
  • Kəşbəkin hesablanması üçün mağaza səhifəsindəki qaydalarla yaxından tanış olmaq və onlara riayət etmək lazımdır.

Ümid edirik ki, gecikən kəşbək məbləğləri ilə bağlı ətraflı izah verə bildik. Əgər mövzu ilə bağlı suallarınız yaranarsa bizə müraciət edin, komandamız hər zaman sizə yardım etməyə hazır olacaq.