Nə üçün Bank kəşbəkləri daha tez təsdiq olunur?

Bir çox üzvlərimiz bizə müraciət edərək, nə üçün kəşbək təsdiqinin 2-3 ay çəkdiyini soruşur və bir çox halda bank kartlarının verdikləri kəşbəklərin təsdiqi müddəti ilə müqayisə edirlər. Məhz buna görə də qərara gəldim ki, bu xidmətlər arasındakı fərqi və nə üçün birində tez, digərində isə gec təsdiqlənmə olduğu barədə izahlı məqalə yazım. Ümid edirəm ki, bu məqaləni oxuduqdan sonra, adı kəşbək olan, lakin xüsusiyyətlərinə görə fərqlənən bu imkanı rahatlıqla bir-birindən ayıra biləcəksiniz. 

Məqalədə mən Bank kartları, Online və Offline ilə qazanılan kəşbək-in iş prinsipləri, kəşbəkin hardan gəldiyi və ən əsas sual olan - təsdiq müddətləri arasındakı fərqləi izah edəcəyəm.

Bank kartlarının kəşbəkləri:

Bu gün kəşbəki olmayan bank kartını təsəvvür etmək çətindir. Fərqli adlar və hesablanma metodları tətbiq olunsa da (kəşbək, miles, point, ürək və s.), məntiq olaraq bütün sistemlərdə iş prinsipi eynidir. Banklar öz istifadəçilərinə kəşbəki iki yol ilə verirlər.

  • Mağaza və xidmət sahələri ilə anlaşaraq, onlardan xüsusi endirimlər alır və müştəri anlaşmalı olan məkanda kart ilə ödəniş etdikdə ona kəşbək verilir. Əslində olan isə budur ki, Bank ödəniş zamanı məkanın hesabına, razılaşma əsasında əldə etdiyi endirimi çıxdıqdan sonra pulu köçürür, endirimli məbləği isə (tam və ya qismən) müştərinin hesabına kəşbək olaraq qaytarır. Məsələn: X məkanında 10% kəşbək var və müştəri 100 AZN ödəmə edir. Bu zaman Bank məkana razılaşma əsasında 90 AZN ödəyərək, 10 AZN-i elə müştərinin kartında saxlayır.

  • Bəzən banklar ödəniş edilməsi mümkün olan bütün məkanlarda 1-2% kəşbək verdiklərini də bildirirlər. Bu yerlərin bank ilə heç bir anlaşması olmasa da, kəşbək verilir. Bəs buna necə baş verir soruşursunuzsa, cavab sadədir - müştərinin hər bir kart ilə tranzaksiyasından həmin məkandan 1-2% komissiya tutulur və banklar məhz bu komissiyadan müştərinin xeyrinə imtina edərək, kəşbək halında müştəriyə qaytarırlar.

Burada zamanlamanı nəzərə alsaq, banklar müştərinin hesabında kəşbəki dərhal və yaxud 24 saat ərzində aktivləşdirə bilirlər. Çünki bütün ödəmələr məhz onların üzərindən keçir və fraud halların qarşısını rahatlıqla ala bilirlər.

Offline alışlardan kəşbəklər:

Bank kartları ilə yanaşı gündəlik alışlarımızdan kəşbək qazanmaq imkanı verən bir çox startup layihələr də var. Məsələn, Azərbaycanda kifayət qədər populyar olan UMİCO tətbiqi ilə bir çox market, restoran və məkanlardan kəşbək qazanmaq mümkündür. Bu kəşbəkin də iş prinsipi yuxarıda izah etdiymiz məkanlar ilə müəyyən % komissiya ilə anlaşma əsasında qurulur. Bu növ kəşbək xidmətlərinin iş prinsipində əsas fərq odur ki, toplanan kəşbək nağdlaşdırılmır, partnyor şəbəkəsi daxilində və ya sistem daxili mağazada xərclənir. İkinci əsas diqqət edilməli məqam isə odur ki, kəşbək sistemi satıcı ilə alıcı arasında yalnız proqram təminatı olaraq vasitəçilik edir. Yəni müştəri satıcının mağazasına gedərək, kəşbək hesablanma prosesində özü iştirak edir, satıcı da müştərinin loyallıq sistemindəki məlumatları bilavəsitə özü təsdiq edir. Müştəri hər hansı bir alışını ləğv edərsə, satıcı da ona hesablanmış kəşbəki ləğv edə bilər. 

Offline alışlardan kəşbəkin digər özəlliyi də budur ki, burada fraud etmək çətindir. Məsələn, müştəri restoranda yemək yeyibdirsə və ödənişdən sonra kəşbək hesablanıbsa, bu əməliyyatı sonradan ləğv edib, pulu geri almaq olmur. Nəticədə kəşbək yenə hesabda qalır. Ümumiyyətlə isə müştərilər offline alış zamanı geri qaytarma halları çox aşağı olur və buna görə də, bu gün toplanmış kəşbəki, sabah xərcləyib, ondan sonrakı gün isə alınmış paltarı geri qaytardıqda, sitem bu hal üçün nəzərdə tutulmuş daxili borc qaydalarını işə sala və ya öz gəliri hesabına da borcu qapada bilər.

Online alışlardan kəşbək:

Nəhayət bizə maraqlı olan online alışlardan hesablanan kəşbəklərin iş qaydası və digər iki metoddan fərqini izah etməyə çatdıq. Online alışlardan kəşbəkin iş prinsipi daha əvvəl izah etdiyimizdən prinsipial olaraq çox fərqlənir. Ən azından ona görə ki, mağaza müştəriyə alış zamanı kəşbək hesablamır. Bəli, bəli - mağazanın öz daxili kəşbək sistemi ola bilər, lakin əgər istifadəçi Bonazon.com üzvlərindən trendyol mağazasından kəşbək qazanırsa, bu trendyolun kəşbək verməsi anlamına gəlmir.

Bonazon.com və bizim sistemə bənzər bütün online kəşbək sistemləri mağazaya müştəri yönləndirdiyinə görə komissiya alır. Yəni mağaza onu reklam edib, müştəri qazandırdığımıza görə, bizi mükafatlandırır. Bonazon.com olaraq biz də öz növbəmizdə, mağazadan aldığımız komissiyanı öz üvlərimiz ilə bölüşdürürük. Ancaq, bu işin də öz əmması var: - online mağazalar bu ödəməni dərhal etmirlər. İlk növbədə bir ay gözləyib - geri qaytarma, ləğv və şikayətlərin olub-olmamasını gözləyirlər. Bu müddət keçdikdən sonra ikinci ayda müştəri alışlarını və hansı saytdan yönləndirildiklərini analiz edib, Bonazon.com-dan keçid etmiş müştəriləri ayırır və ona görə hesablama aparırlar. Yalnız bu yoxlama və üzləşmə əməliyyatı bitdikdən sonra 3-cü ayda ödənişi edirlər. 

Burada digər iki metod ilə əsas fərqi izah etmək faydalıdır:

  • Bank kartları ilə ödəniş etdikdə, pul bankın əlində oluduğundan, bank müştərinin kəşbəkini özündə saxlayaraq, mağazaya geriyə qalan məbləği ödəyir. Bir çox hallarda isə bank sadəcə öz gəlirini kəşbək olaraq ödəyir. Online kəşbəkdə isə, müştəri mağazada özü ödəniş edir və mağaza bu əməliyyatı təsdiq etdikdən bir neçə ay sonra, Bonazon.com kəşbək sisteminə komissiyanı ödəyir və Bonazon.com aldığı komissiyanı müştəri ilə bölüşür.

  • Offline kəşbək sistemlərində toplanmış kəşbək, təkarar sistem daxilindəki partnyor şəbəkəsində istifadə olunduğuna görə, müştərilərin hesablarında toplanan kəşbəkləri nəzarətdə saxlamaq rahatdır. Online kəşbək sistemləri isə üzvlərin topladıqları vəsaitləri nağdlaşdırmaq imkanı verdiklərindən, mağazanın sonradan ləğv edərək, ödəməyəcəyi kəşbəki, öncədən təsdiq edərək, öz üzvünə ödədikdə, ziyan etmiş olur.

Məhz bu iki əsas səbəbdan dolayı online kəşbək sistemləri digər iki metodla müqayisədə, toplanmış kəşbək vəsaitlərini gec təsdiq edirlər: 1. - mağaza təsdiqlənməni gec edir, 2. - pul sistemdən kənara nağdlaşdırılır.


Bu məqaləni də oxu: Nə üçün kəşbək təsdiqi bu qədər zaman alır?

Burada online kəşbək sisteminin öz istəyinə görə pulu gecikdirməsi halının olmadığını və mağazanın kəşbəki təsdiq edən kimi, öz sistemində müştəriyə təsdiq etməsində yanlış bir halın olmadığını sübut etmək üçün, son iki ildə Azərbaycan ərazisində geniş yayılmış digər kəşbək növü və kəşbək təsdiqi müddəti ilə bağlı digər misalı da diqqətə çatdırmalıyam ki, məsələ tam aydın olsun.

ƏDV geri al ilə kəşbək:

2020-ci ildən işə başlamış dövlətin ƏDV geri al ilə mağazalarda ödənilmiş məbləğin ƏDV-indən 10-15% dək kəşbəki yəqin ki, oxucularımızın bir çoxu alıb və sistemin iş prinsipini bilir. ƏDV ger al-ın da Bonazon.com online kəşbək ilə oxşar cəhəti məhz kəşbəkin müştərinin hesabına dərhal deyil, 30 gün sonra təsdiq və ya ləğvi ilə bağlıdır. Qanunvericiliyə əsasən müştəri alıdğı məhsulu 14 gün ərzində mağazaya geri qaytararaq, ödədiyi məbləği geri ala bilər. Bura hesablanma və vergi ödəmələrinin müddətini də nəzərə alsaq, 30 günə təsdiq tam normaldır. 

Məqalədən də aydın olduğu kimi, sistemlərin kəşbək hesablanma, mənbəyi, təsidiqi və ödəmə metodları da fərqli olduğundan dolayı, hər birinin kəşbək təsdiqi müddəti ilə bağlı məntiqli səbəbi var. Buna görə də bu metodların hər birindən istifadə edərək, təsdiqlənmə müddətindən asılı olmayaraq gündəlik alışlarınıza qənaət etmək lazımdır.

PS: Məqalədə, ayrı-ayrı sistemlərin kəşbək hesablanma və təsdiqi qaydaları dəqiq olmaya bilər. Əsas məqsəd, bəsit dildə sistemlər arası fərqi izah edərək, kəşbək təsdiqi müddətlərinin nə üçün fərqləndiyini açıqlamaqdır.

Məqaləmiz faydalı oldusa, sosial hesabınızda paylaşa və daha çox dostunuza faydalı məlumat ötürə bilərsiniz.